İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye və aqrar sektora dövlət dəstəyini gücləndirəcək

2021.01.25 10:27 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, agentlik sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinə dövlət dəstəyini gücləndirəcək: “Sənaye parklarının, sənaye məhəllələrinin, eləcə də aqroparkların bir agentlik tərəfindən idarə olunması, onlara nəzarətin vahid mərkəzdən həyata keçirilməsi dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Bu baxımdan yeni agentlik sənaye və aqrar sektorda məhsulların istehsalının genişlənməsinə, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə xidmət edəcək və istehsal proseslərinə dövlət dəstəyini təmin edəcək.

Agentliyin fəaliyyəti daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla, sənaye və emaledici kənd təsərrüfatı məhsullarının istehsalının artmasına gətirib çıxaracaq.

Yaxın gələcəkdə xüsusilə kənd təsərrüfatında emaledici məhsulların istehsalında artımın müşahidə olunacağı gözlənilir”.

Fərqanə ALLAHVERDİQIZI