İngltərədə fəaliyyət göstərən Milli Statistika İdarəsinin (MSİ) məlumatına əsasən, 2020-ci ilin dekabr ayında, dövlət bankları istisna olmaqla, ölkənin aylıq dövlət borclanması 34,1 milyard funt sterlinq təşkil edib.
Keçən ilin müvafiq dövründə isə ölkənin aylıq dövlət borclanması 28,2 milyard funt sterlinq olmuşdu.
Son statistikaya əsasən, vergi dövrünün başladığı 2020-ci ilin aprel ayından dekabr ayının sonuna qədər olan müddətdə Böyük Britaniyanın, dövlət bankları istisna olmaqla, xalis dövlət borcu 333,5 milyard funt sterlinqə yüksəlib.
Ölkənin cəmi dövlət borcu isə ümumi daxili məhsulun 99,4 faizi həddinə yüksələrək 2 trilyon 131 milyard funt sterlinq səviyyəsinə çatıb. Dövlət borcunun ÜDM-ə nisbətindəki bu rəqəm 1962-ciu ildən bəri ən yüksək göstəricidir.
Koronavirus pandemiyasına görə təxirə salınmış büdcə tənzimləmələrinin isə martın 3-də açıqlanacağı bildirilib.