İqtisadi Zonaların İnkişafı Agentliyi sənayeləşmə prosesində vahid institut kimi fəaliyyət göstərəcək

2021.01.23 12:21 (UTC+04:00)

“İndiyədək ölkədə sənaye parklarının inkişafı, texnoloji tutumlu iqtisadi sahələrin yaradılması istiqamətində işlər görülüb və bu işlərin bir institutlaşmasına, sistemliliyinə zərurət yaranmışdı. Hesab edirəm ki, yeni yaradılan agentliyin əsas missiyası bu istiqamətdə modernizasiya ilə bağlı sistemliliyi təmin etmək olacaq. Qurum bir inkişaf institutu kimi fəaliyyət göstərəcək.

Agentliyə maliyyə-kredit dəstəyinin verilməsinə ehtiyac olacaq və tələb olunan resurs mənbəyinin lazımi səviyyədə olması, eyni zamanda fiskal güzəştlərin tətbiqi vacibdir. Bu prosesin reallaşdırılması nəticəsində ölkədə rəqabətqabiliyyətli istehsal formalaşdırılacaq. Rəqabətqabiliyyətli istehsal daxili bazarın tələblərini təmin edəcək, idxaldan asılılığın azaldılmasına istiqamətləndiriləcək. Digər tərəfdən də bu gün dünyada və bölgədə baş verən proseslər fonunda ixrac bazarlarının genişləndirilməsi gündəmdədir. Regional iqtisadi inteqrasiya bizə qeyri-neft sektoru üzrə ixrac bazarlarının genişləndirilməsi imkanlarını yaradır. Bu imkanlardan istifadə edərək ölkədə istehsal olunan yüksək texnoloji məhsulların ixrac imkanlarını da genişləndirə bilərik.
İxrac bazarlarına çıxmaq üçün yüksək rəqabətqabiliyyətli məhsulların istehsal olunması üçün istehsalın bütün zəncirləri üzrə istehsal prosesinin lokallaşdırılmasına ehtiyac var. İstehsalın lokallaşdırılması, ölkədə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı prosesinin təşkili yeni yaradılan agentliyin fəaliyyətində başlıca yer tutacaq”.

Fərqanə ALLAHVERDİQIZI