Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb

2021.01.22 18:25 (UTC+04:00)

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 milyard 360,8 milyon manat, büdcə xərcləri isə 12 milyard 425,3 milyon manat təşkil edib.

ARDNF-dən bildirilib ki, il ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 382,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 milyard 587,3 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,7 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat olub.
Ötən il ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 978,6 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 21,1 faizini təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar gəliri 3 milyard 473,9 milyon manat olub.
İl ərzində ARDNF-in 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 milyard 200 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilib. 2020-ci ildə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 21,2 milyon manat təşkil edib.

2021-ci il yanvarın 1-ə fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,56 faiz artaraq 43 milyard 564,3 milyon dollara bərabər olub. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına Neft Fondunun aktivlərinin həcmində artım baş verib. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard dollar olub.