Bağçılığın inkişafı üçün subsidiyalar veriləcək

2021.01.25 15:09 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, 2021-ci ildə intensiv üsulla salınacaq 6 növ meyvə bitkisi - portağal, naringi, limon, fındıq, zeytun, nar bağlarına görə birdəfəlik subsidiya ödəniləcək fermerlər bağın salındığı vaxtdan 4 il ərzində hər hektara görə yüksək əmsallı (3.5) əkin subsidiyalarını da alacaqlar.

Yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə bu il salınacaq limon bağlarının hər hektarına 11.000 manat, portağal və naringi bağlarının hər hektarına 9.000 manat, nar bağlarının hər hektarına 5.000 manat, zeytun bağlarının hər hektarına 4.900 manat, fındıq bağlarının hər hektarına 4.400 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu məbləğlərdən əlavə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası veriləcək. Yeni bağların salınmasını stimullaşdırmaq üçün bu subsidiya məbləği bağın salındığı ilk 4 il ərzində ayrılır.

Birdəfəlik subsidiya üçün fermerlər fevralın 1-dən mayın 31-dək müraciət edə bilərlər. Subsidiyanı ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınması, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmasıdır.

Fındıq, zeytun, nar bitkiləri ilə bağlı əlavə şərtlər barədə məlumat veriləcək.