Azərbaycan xalqı XX əsrin sonlarında milli azadlıq uğrunda ayağa qalxaraq imperiya buxovlarından birdəfəlik azad olmaq üçün mübarizəyə başladı. Lakin Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hərbi əməliyyatlara başladı. Həmin gecə sovet imperiyasının rəhbərliyi Azərbaycan xalqının mübarizə əzmini qırmaq üçün hərb maşınını işə salaraq bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən birini törətdi. Dinc əhaliyə qarşı qanunsuz hərbi müdaxilə nəticəsində 132 nəfər günahsız insan ən amansız şəkildə öldürüldü, 744 nəfər yaralandı və yüzlərlə insan itkin düşdü.
Ümummilli lider Heydər Əliyevin həmin dəhşətli günlərdə həyatını riskə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında dediyi kimi, bu hadisə "...ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan dövlətinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır".
Ulu öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 yanvarda dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütovlüyü və xoşbəxt gələcəyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə daim mühüm işlər görmüşdür. Bu istiqamətdə atılan bütün dövlət səviyyəli addımlar ölkə Prezidenti tərəfindən Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərə göstərilən qayğının bariz nümunəsidir...
20 Yanvar müstəqilliyimizin, azadlığımızın təntənəsidir. Çünki həmin gün Azərbaycan xalqı əyilmədi, sınmadı, şəhid övladlarının qanı bahasına əldə etdiyi müstəqilliyini qoruyub saxladı və layiq olduğu azadlığı bütün dünyaya nümayiş etdirdi.
Ötən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə dövlətimizin Ermənistanın təcavüzü nətisəsində pozulmuş ərazi bütövlüyü və dövlət suverenliyini təmin etməklə xalqımızın azadlığı və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün – 20 yanvar faciəsindən 31 il sonra biz böyük qürur hissi ilə deyə bilərik ki, azadlığımız və müstəqilliyimiz uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır. Bir an belə düşünmədən canlarını fəda etdikləri Vətənimiz Azərbaycan azaddır, torpaq bütünlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi təmin olunub.
Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda "Vətən sağ olsun" deyib canlarından keçən övladları bütün dünyaya sübut etdilər ki, Vətən torpağı müqəddəsdir, toxunulmazdır. Təsadüfi deyilməyib ki, heç nə yaddan çıxmır, heç kəs unudulmur. Vətən yolunda şəhidlik zirvəsinə yüksələnlər də heç vaxt unudulmur, yaddaşlardan silinmir, çünki şəhidlər ölməzdir. Bu ölməzlik həm də dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşayır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru