Cari və uzunmüddətli borcların uçota alınması

2021.01.28 10:31 (UTC+04:00)

Köhnə hesablar planında qısamüddətli və uzunmüddətli debitor, kreditor borcları və öhdəlikləri bir balans hesabında uçota alınırdı. Ancaq yeni hesablar planında bunlar ayrılıb ki, bu daha düzgündür. Hər hansı borc, yarandığı hesabat dövrünün sonundan sonrakı 12 ay ərzində ödəniləcəksə, cari borc kimi uçota alınmalıdır. Borc 12 aydan sonra ödəniləcəyi halda isə artıq uzunmüddətli borc kimi hesablanmalıdır.
Misal 1: Tutaq ki, “AA” müəssisəsi “VV” müəssisəsi qarşısında kreditor borcunu aşağıdakı qrafik əsasında ödəyəcək:

31.12.2021-ci il tarixinə kimi - 10.000 manat
31.12.2022-ci il tarixinə kimi - 10.000 manat
31.12.2023-ci il tarixinə kimi - 5.000 manat
CƏMİ: - 25.000 manat borc qalığı

Bu misalda “VV” müəssisəsinin ümumi 25.000 manat borcu olmasına baxmayaraq “AA” müəssisəsi 2020-ci ilin balansında 10.000 manatı cari borc,15.000 manatı isə uzunmüddətli kreditor borcu kimi göstərməlidir.

Misal 2: “VV” müəssisəsi “AA” müəssisəsindən 2018-ci ilin noyabrında 10.000 manatlıq mal alıb. Malın dəyərinə əlavə olunan 18 faizlik ƏDV 1800 manatdır. Müqavilənin şərtlərinə əsasən, “VV” müəssisəsi “AA” müəssisəsinə borcunu 2020-ci ilin noyabr ayında ödəyib. Ödəmənin 10.000 manatı bank, 1800 manatı isə depozit hesabı vasitəsilə həyata keçirilib. Malın maya dəyəri 8.000 manatdır.
Bu zaman “AA” müəssisəsinin balansında debitor borcları aşağıdakı kimi göstərilməlidir:

31.12.2018-ci il tarixində - 171 (Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları) hesabının debetində 11.800 manat
31.12.2019-cu il tarixində - 211 (Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları) hesabının debetində 11.800 manat.

Fərqanə ALLAHVERDİQIZI