Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.01.19 17:06 (UTC+04:00)

Yanvarın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105002882 ISIN-li, 50 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.3372 AZN (12 faiz) və 100.9237 AZN (6.5 faiz) olan 29 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.3826 AZN (7.89 faiz), orta ölçülmüş qiyməti 99.0546 AZN (7.5179 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 172 milyon 651 min 400 manat, yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edib.

İstiqrazlar 2023-cü il yanvarın 17-də ödəniləcək. Hərrac iştirakçıları yanvarın 21-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.