Pandemiya dövründə avtonəqliyyat daşımalarına məhdudiyyət qoyulmayıb

2021.01.21 10:43 (UTC+04:00)

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2020-ci ildə 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutları rəsmiləşdirilib.

Rəsmiləşdirmə Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanan “Beynəlxalq avtomobil əlaqələri haqqında” sazişlərə uyğun olaraq həyata keçirilib. Rusiya Federasiyasına 13, Gürcüstana 12, Türkiyə Respublikasına 3, İran İslam Respublikasına 5, İraq Respublikasına 1 istiqamət üzrə səfərlər təşkil olunub. Beynəlxalq sərnişin daşımaları üçün ilin birinci rübündə 1200 ədəd “İcazə” blankı mübadilə edilib.

Pandemiya ilə əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyət tədbirləri zamanı həm daxili, həm də beynəlxalq yükdaşımalara heç bir məhdudiyyət qoyulmayıb. Müvafiq karantin qaydalarına əməl edilməsi şərtilə yüklərin beynəlxalq və ölkədaxili daşımaları təmin edilib.
Ötən il 58 min 907 xarici yük avtonəqliyyat vasitəsi Azərbaycan ərazisindən tranzit keçməklə yük daşıyıb. Milli daşıyıcılarımız tərəfindən ölkədaxili və digər digər dövlətlərin ərazisindən tranzit keçməklə 2 milyon tona yaxın yük daşınıb.