Belarus Respublikasında yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr qüvvəyə minib. Yeni qaydalara əsasən, ölkəyə dərman vasitələrinin, tibbi avadanlıqların gətirilməsi əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir və Rusiya Federasiyasında olduğu kimi bu məhsullara 10 faizlik dərəcə ilə ƏDV tətbiq olunur. Bundan əlavə, mobil rabitə operatorlarının və icbari universal elektron rabitə xidmətləri operatorunun gəlirlərindən tutulan verginin dərəcəsi artırılaraq 18 faizdən 30 faizə çatdırılıb. Lombardların gəlirinə tətbiq edilən verginin dərəcəsi də 5 faiz artırılıb və 25 faizdən 30 faizə çatdırılıb.
Belarus Respublikasının maliyyə naziri Yuri Seliverstov bildirib ki, vergilərin artırılması və bəzi vergi güzəştlərinin ləğv edilməsi sayəsində bu il dövlət büdcəsinə əlavə 1 milyard Belarus rublu (390 milyon dollar) vəsait daxil olması gözlənilir.