Əsas vəsaitlərin uçotdan silinməsi əlavə dəyər vergisinə (ƏDV)cəlb olunan əməliyyatdır. Bu əməliyyatın icrası ilə bağlı vergi ödəyicilərində sual doğuran məqamlara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.
Malların, fövqəladə hallardan başqa, itməsi, əskik gəlməsi, xarab olması ƏDV-yə cəlb olunan əməliyyat sayılır. Bundan əlavə, malların tam amortizasiya olunmadan uçotdan silinməsi də ƏDV-yə cəlb edilir.
Misal 1: Tutaq ki, fərdi sahibkar 2018-ci ilin may ayında dəyəri1800 manat olan kompüter alarkən 324 manat ƏDV ödəyib.
1800 x 18% = 324 manat
2018-ci il üzrə 450 manatlıq amortizasiya hesablandığı üçün malın qalıq dəyəri 1350 manatdır. 2019-cu ilin iyun ayında fərdi sahibkar həmin kompüterin təmirinə çox vəsait tələb olunmasını əsas gətirərək, silinməsinə qərar verir. Bu zaman iyun ayının hesabatında 243 manatlıq ƏDV qeyd olunmalıdır.
1350 x 18% = 243 manat.
Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.
Misal 2: Tutaq ki, fərdi sahibkar 2016-cı ildə dəyəri 800 manat olan kompüterin alınması üçün 144 manat ƏDV ödəyib.
800 x 18% = 144 manat
2017-ci və 2018-ci illərdə müvafiq olaraq 200 manat və 150 manat amortizasiya hesablandığından 2019-cu ildə qalıq dəyəri 450 manat olub.
800 x 25% = 200 manat
(800-200) x 25% = 150 manat.
Vergi ödəyicisi həmin əsas vəsaitin balansdan silinməsinə qərar verən zaman Vergi Məcəlləsinin tələbinə uyğun olaraq, qalıq dəyəri 450 manat olduğu üçün kompüterin tam amortizasiya olunmasına əsas verir və 2019-cu il üzrə qalıq dəyərinə, yəni450 manata ƏDV hesablanmır.
Fərqanə Allahverdiqızı