Sığortaçılar Assosiasiyası daşınmaz əmlak sığortası üzrə müqavilələrin sayını açıqlayıb

2021.01.14 13:02 (UTC+04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb.
ASA-dan bildirilib ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 min 478 müqavilə bağlanıb. Bununla da 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyədək artım qeydə alınıb. Ötən ilin 10 ayı ərzində 5 şirkət tərəfindən 53 min müqavilə bağlanıb. Müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.
Daha bir statistikaya görə, 2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə əsasən, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38,6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manat çoxdur. Eyni zamanda, keçən ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3,7 milyon manat ödəniş olunub.