Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə ixracyönümlü yüklər nəql edilib

2021.01.12 11:23 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC 2021-ci ilin ilk günlərindən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə ilk dəfə olaraq ixracyönümlü yüklərin nəqlinə başlayıb.

MMC-dən bildirilib ki, ixrac yüklərinin xarici bazarlara çıxarmaq, fəaliyyətinin əsas istiqamətlərindən sayan “ADY Express” bu dəfə “Baku Steel Company” şirkətinin istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql etməyə müvəffəq olub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.

Metal konstruksiyalar “ADY Express”in təqdim etdiyi yarımvaqonlara yüklənərək Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirilib.

Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. Bakı-Tbilisi-Qars vasitəsilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.