Azərbaycan dekabrda “OPEC+” üzrə öhdəliyini tam yerinə yetirib

2021.01.11 18:03 (UTC+04:00)

2020-ci ilin dekabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 688,8 min barrel olub. Bunun 587 min barrelini xam neft, 101,8 min barrelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən bildirilib ki, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olmuş Azərbaycan 2020-ci ilin avqust-dekabr aylarında xam neft hasilatını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalı idi. Beləliklə, Azərbaycan dekabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.
Qeyd edək ki, 2020-ci il 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edirdi. Ötən il dekabrın 3-də “OPEC+” nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 milyon barrel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barrel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında ölkəmiz üçün təklif olunan gündəlik neft hasilatı 595 min barrel səviyyəsində müəyyən edilib.
Bu il yanvarın 5 -də “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barrel artıraraq hasilatı 595 min barrel səviyyəsində saxlayacaq.