2020-ci ilin yanvar-noyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 milyard manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 73,9 faizi mədənçıxarma, 23,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1-nə 289 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 86,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.