Bağlanmış 4 bankın əmanətçilərinə 616,2 milyon manat kompensasiya ödənilib

2021.01.08 12:52 (UTC+04:00)

Yanvarın 7-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 195 əmanətçiyə 616,27 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan yanvarın 7-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 235 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4599 əmanətçiyə 109,44 milyon manat, "NBC Bank" üzrə isə 4154 əmanətçiyə 125,60 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən yanvarın 7-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 381,22 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5747 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,42 milyon manat, "Ata Bank" üzrə 9695 əmanətçiyə isə 241,79 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.