Rusiya Niderlandla vergi sazişinin ləğv edilməsində mövqeyini dəyişməyəcək

2021.01.08 13:47 (UTC+04:00)

Rusiya Niderlandla imzaladığı ikiqat vergitutmanın qarşısının alınması barədə sazişin qüvvədən düşməsi ilə bağlı məsələdə öz mövqeyindən geri çəkilməyəcək. Bu barədə Rusiya Federasiyasının Maliyyə Naziri Anton Siluanov açıqlama verib.

“Biz Kipr, Lüksemburq və Malta ilə razılığa gəlmişik və qərar qəbul etmişik. Niderland ilə məsələ isə daha mürəkkəbdir, burada güzəşt yoxdur. Biz sazişin denonsasiyası üzrə hökumətdaxili, sonra isə dövlətdaxili proseduru işə salmışdıq, odur ki, geri çəkilməyəcəyik. Nəyə görə? Ona görə ki, bizim büdcəmizdə əlavə vəsaitlər nəzərdə tutulub və pullar tranzit yurisdiksiyalara getdiyinə görə biz o vəsaitləriəldə edə bilməmişik. Orada bizim varlı şirkətlərimiz üçün vergi dərəcəsi 2-3 faizdir, əslində isə bəzi istisnalarla 15 faiz olmalıdır. Biz bu sazişlərin denonsasiyasından büdcəyə 150 milyard rubl vəsait cəlb etməyi nəzərdə tutmuşduq”, - A.Siluanov vurğulayıb.

O qeyd edib ki, Rusiya Federasiyası hələlik Fransa, ABŞ, İtaliya, Çin kimi “iri strateji tərəfdaşları” ilə vergi sazişlərinə yenidən baxmaq niyyətində deyil.