İcbari tibbi sığorta sistemi səhiyyənin inkişafını stimullaşdıracaq

2021.01.08 11:33 (UTC+04:00)

İcbari tibbi sığortanın tətbiq edilməsi həm vətəndaşların sosial müdafiəsi, həm də səhiyyənin inkişafı baxımından vacib hesab olunur.

Millət vəkili Vüqar Bayramov bu islahatınvətəndaşların səhiyyə xidmətlərindən istifadə imkanlarını artıracağını vuğulayıb: “Aparılan monitorinqlər vətəndaşlarımızın səhiyyə xidmətləri almaq üçün vəsait yığdıqlarını göstərirdi. Səhiyyə xidmətləri baha olduğundan daha çox vəsaitə ehtiyac olurdu. İcbari tibbi sığorta sistemi əməkhaqqından ödənişlər vasitəsilə bu problemi həll edəcək. Vətəndaşa səhiyyə xidmətləri lazım olduqda icbari tibbi sığorta sistemindən istifadə eə biləcək.

Yeni sistemdə işləməyən və həssas qruplara aid vətəndaşlar üçün güzəştlər də nəzərdə tutulub. Vətəndaşların bu kateqoriyaları üçün sığorta haqlarıdövlət tərəfindən ödəniləcək. Dövlət büdcəsindən bu məqsədlə ilkin mərhələdə 1 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

İcbari tibbi sığorta sisteminin işə düşməsi səhiyyə sektorunun inkişafı baxımından da vacibdir. Yeni sisteminin işə düşməsi səhiyyədə maliyyə mexanizmlərinin təkmilləşdirilməsinə, xəstəxanaların, tibb müəssisələrinin daha çox vəsait cəlb etməsinə imkan yaradacaq. Bu baxımdan, sığorta sistemindəki islahat uzunmüddətli dövrdə aktual hesab olunan məsələlərin həllinə yardım edəcək”.

Fərqanə Allahverdiqızı