2021-ci il yanvarın 1-dən ölkəmizdə icbari tibbi sığorta haqlarının toplanması prosesi fəaliyyətdədir. Yığımların məbləği istər dövlət və neft sektorunda, istərsə də qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar üçün, eləcə də mülki hüquqi müqavilələr əsasında işləyən fiziki şəxslər üçün fərqli formada müəyyən olunub və artıq vəsaitlərin hesablanıb tutulması mexanizmləri müəyyən edilib.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev qeyd edib cəmiyyət uzun müddətdir icbari tibbi sığortanın işə düşməsini, bütün ölkə üzrə tətbiqinin genişləndirilməsini və tezləşdirilməsinini gözləyirdi. Tibbi sığortanın həyata keçirilməsi insanların tibbi xidmətlərə əlçatanlığının daha daasanlaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
İcbari tibbi sığorta sistemində vətəndaşlar müxtəlif kateqoriyalara bölünür. İşsizlərin, sosial həssas qrupların icbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsi həmin şəxslərin keyfiyyətli tibbi xidmət əldə etmələrinə imkan yaradır: “Bundan əlavə, işləyən insanların əməkhaqqından tibbi sığorta haqlarının tutulması tibbi xidmətlərin sığorta haqları hesabına əldə olunmasını təmin edir. Fiziki şəxs kimi qeydiyyata alınan sahibkarlar da sahibkarlıq faəliyyətindən əldə etdikləri gəlirlərindən tibbi sığorta haqqı ödəməklə tibbi xidmətlərdən istifadə etmək imkanı qazanırlar. Hesab edirəm ki, icbari tibbi sığortanın həyata keçirilməsi tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından da əhəmiyyətlidir”.
Nazirlər Kabinetinin qərarı ilə icbari tibbi sığorta yığımlarının Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcəyinə diqqət yönəldən R.Atakişiyev bunun dövlət yığımlarının vahid mərkəzdən idarə olunması baxımından faydalı olduğunu vuğrulayıb. Bu həm də işin operativləşməsi, yığımların sistemləşməsi, o cümlədən güzəşt və yığımlar arasında differensiallaşmanın, səmərəliliyin artırılması baxımından faydalıdır: “Sahibkarlıq subyekti ödəmələri həyata keçirən zaman artıq Dövlət Vergi Xidmətinin elektron xidmətlərindən istifadə etməklə həm tibbi sığorta haqlarını, həm məcburi dövlət sığorta ödənişlərini, həm də vergilərini daha asan ödəmiş olur. Yığımların bir mərkəzdə cəmlənməsi vergi və digər ödəmələrin bir mərkəzdə toplanmasına və sonda təyinatı üzrə bölüşdürülməsinə, prosesin optimallaşdırılmasına şərait yaradır”.
Fərqanə Allahverdiqızı