“Məşğulluq proqramlarımız da davamlı şəkildə icra olunub və məşğulluq mərkəzləri tərəfindən 100 min nəfər vətəndaşımız işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub. Özünüməşğulluq proqramı İşdən Sığorta Fondu ilə yanaşı, BMT İnkişaf Proqramı, yerli banklarımız, Heydər Əliyev Fondunun dəstəyi ilə icra edilib”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahili Babayev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Nazir 2021-ci il üçün hədəflər barədə danışarkən özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayının artırılması və 16 min ailənin əhatə edilməsinin planlaşdırıldığını bildirib: “Haqqıödənilən ictimai işlər proqramı icra olunur və yaradılmış 38 min daimi iş yerindən 98 faizi işçilərlə təchiz edilib. Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min ikiaylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilib”.