2021-ci il üçün Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 65 faiz, avroda 20 faiz, ingilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, 2020-ci il üzrə Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla, habelə 2020-ci ilin sonuna büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna ARDNF-in aktivlərinə təsirini nəzərə alaraq 2020-ci ilin sonuna fondun aktivlərinin həcmi 42 milyard 577,2 milyon dollar götürülüb. 2021-ci il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 1,09 faiz proqnozlaşdırılıb ki, bu da fondun investisiya portfelinin bütün alt portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir.