Üzüm sahələrinin sığortalanmasına başlanıb

2021.01.07 10:10 (UTC+04:00)

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə üzüm sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan bildirilib ki, üzüm sahələrinin sığortalanması zamanı onun növü, məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün süfrə üzümündə bir hektar üçün məhsuldarlıq norması 2,4-500 sentner, qiymət isə 40-90 manat/sentner arasında müəyyən edilib. Texniki üzümə münasibətdə isə bir hektar üçün məhsuldarlıq norması 108-800 sentner, qiymət isə 30-50 manat/sentner arasında müəyyən edilib.

Üzüm sahəsinin sığortası üzrə sığorta məbləği bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri barədə məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir.

Misal: Şəkidə əkin sahəsi 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda:

sığorta məbləği 4 x 25 x 40 = 4000 manat müəyyən edilir.

Sığorta zərfləri

Aqrar sığorta çərçivəsində üzüm bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.Bunlardan birincisi əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.

Birinci “baza zərfi”ndə azadolma məbləği 10 faizdirvə bu sığorta zərfi aşağıdakı riskləri əhaət edir:

• dolu;

• yanğın;

• zəlzələ;

• torpaq sürüşməsi;

• qasırğa;

• fırtına;

• üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat.

İkinci sığorta zərfi üzrə azadolma məbləği 3 faizdir.Bu zərfə aid risklər:

• bitki xəstəlikləri və zərərvericilər;

• xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10 faizdir. Bu zərf üzüm bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.Daha sadə desək, 3-cı sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur.

Hansı sığorta zərfinin seçilməsi fermer və ya üzüm bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.

Üzümün sığortalanması üçün tariflər və sığorta haqları

Üzümün sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları üzümün növü, məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir. Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

1-ci (baza)

sığorta zərfi

2-ci

sığorta zərfi

3-cü

sığorta zərfi

İqtisadi rayonlar

• dolu;

• yanğın;

• zəlzələ;

• torpaq sürüşməsi;

• qasırğa;

• fırtına;

• üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

• bitki xəstəlikləri və zərərvericilər;

• xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

• dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat

Azadolma

10 %

30%

10%

Gəncə-Qazax

6,04%

2%

2,86%

Aran

2,18%

2%

0,93%

Quba-Xaçmaz

1,88%

2%

0,78%

Şəki-Zaqatala

4,12%

2%

1,90%

Dağlıq Şirvan

2,96%

2%

1,32%

Lənkəran

1,88%

2%

0,78%

Abşeron

1,88%

2%

0,78%

Yuxarı Qarabağ

2,64%

2%

1,16%

Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.

Ayrı-ayrı bölgələrdə üzüm sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Misal 1: Şəkidə əkin sahəsi 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda:

sığorta haqqı = 4000 manat X 4,12% = 164,8 manat təşkil edir.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 4 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 82,4 manat və ya hər hektara cəmi 20,6 manat ödəyir.

Misal 2: Lənkəranda əkin sahəsi 10 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda sığorta haqqı = 10000 manat X 1,88% = 188 manat təşkil edir.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 10 min manat olan məhsulun sığortalanması üçün fermer 94 manat və ya hər hektara cəmi 9,4 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.

Sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Üzüm sahələrinin sığortalanması üçün müraciətlər başlayıb

Aqrar Sığorta Fondundan verilən məlumata görə, üzüm sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.

Fermerlər və iş adamları üzüm sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 15-dək davam edəcək.

Martın 15-dək edilən müraciətlərdə üzüm sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 15-dən aprelin 15-dək olan dövrdə edilən müraciətlər zamanı isə üzüm sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Martın 30-dək bağlanan sığorta müqavilələri martın 30-dan qüvvəyə minəcək. Martın 30-dan aprelin 15-dək olan müddətdə bağlanan sığorta müqavilələri isə imzalandığı və sığorta haqqı ödənildiyi tarixdən qüvvəyə minəcək.