Norveçdə keçən il satılan yeni avtomobilərin 54,3 faizi elektriklə işləyən avtomobillər olub

2021.01.07 13:35 (UTC+04:00)

Dünyanın bir sıra inkişaf etmiş ölkələri, eləcə də Norveç elektriklə işləyən avtomobillərin satışının təşviqi üçün ciddi stimullaşdırıcı tədbirlər görür, vergi güzəştləri tətbiq edir. Bunun sayəsində 2020-ci ildə ölkədə satılan yeni avtomobillərin 54,3 faizi elektriklə işləyən avtomobillər olub. Norveç Yol Federasiyasının məlumatına əsasən, bu rəqəm 2019-cu ildə 42,4 faiz olmuşdu.

2019-cu illə müqayisədə 2020-ci il ərzində Norveçdə dizellə işləyən avtomobillərin satış nisbəti 16 faizdən 8,6 faizə, benzinlə işləyən avtomobillərin satış nisbəti 15,7 faizdən 8 faizə düşüb. Hibrid avtomobillərin payı isə artaraq 25,9 faizdən 29,1 faizə yüksəlib.

2025-ci ildə yanacaqla işləyən avtomobillərdən istifadə etməyə qadağa qoymağı planlaşdıran Norveçdə hazırda yanacaqla işləyən avtomobillərin satışından daha yüksək dərəcə ilə vergi tutulur.