Vahid Əhmədov: "Vergi islahatları öz bəhrəsini verir"

2019.02.22 19:01 (UTC+04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş forumdakı çıxışında deyib: "Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, vergi və gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bununla belə, deyə bilmərik ki, bu gün ölkədə inhisarçılıq tamamilə aradan qaldırılıb və istənilən sahibkar istənilən sahə ilə məşğul ola bilər".

V.Əhmədov forumda iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayevdən Rəqabət Məcəlləsinin hazırlanmasına kömək göstərilməsini xahiş edib: "Biz o fikirdə deyilik ki, Rəqabət Məcəlləsini qəbul edəndən sonra inhisarçılıq tamamilə aradan qaldırılacaq. Amma belə bir sənədin qəbul olunması sahibkarlar üçün müəyyən qədər rəqabət mühiti yaranacaq. Bu, çox ciddi qanun layihəsidir, ona görə də mən istəyirəm ki, Rəqabət Məcəlləsini mümkün qədər tez və keyfiyyətli şəkildə hazırlayıb qəbul edək".

Millət vəkili ədalətli məhkəmə sisteminin də sahibkarlıq mühitinin dövlət başçısının hüquq-mühafizə sistemində islahatların aparılması ilə əlaqədar bu yaxınlarda imzaladığı fərmanı xatırladıb: "Ümid edirik ki, yaxın vaxtlarda həmin fərmanın icrası istiqamətində ciddi addımlar atılacaq. Əgər məhkəmə sistemində islahatlar aparılsa, bu məsələlərdə də şəffaflıq təmin olunacaq. Hesab edirəm ki, Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması, bu sahədə şəffaflığın təmin edilməsi sahibkarlığın inkişafına çox ciddi təsir göstərəcək".

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, vergi və gömrük
sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Çıxışında sosial sığorta haqlarının yığımı sahəsindəki dəyişikliklərdən danışan deputat qeyd edib ki, bu ilin əvvəlindən sosial sığorta haqlarının yığımının Vergilər Nazirliyinə həvalə olunması artıq müsbət nəticəsini verir: "Nəzərə alsaq ki, 2020-ci ildən Azərbaycanda tibbi sığorta sisteminin də tətbiqinə start veriləcək, bu, bizim üçün çox önəmli məsələdir. Əldə etdiyim məlumata görə, bu ilin yanvar ayında sosial sığorta yığımı 120 faiz yerinə yetirilib. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial sığorta yığımları ilə bağlı çox ciddi problemlər yaşanırdı. Yəni Azərbaycanda həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Bu islahatlar davamlı olmalı və bütün sahələri əhatə etməlidir".

V.Əhmədov çıxışının sonunda son bir il ərzində vergi sistemində həyata keçirilən islahatların müsbət nəticələrinin göründüyünü bir daha qeyd edib. Onun sözlərinə görə, bir vaxtlar sahibkarlardan ciddi iradlar eşidilirdisə, artıq belə hallara rast gəlinmir: "Vergi ilə yanaşı, gömrük sistemində də mühüm islahatlar aparılıb və bu, davam edir. Əgər biz vergi və gömrük sahəsində şəffaflığı təmin edə bilsək, yaxın zamanlarda Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərinin bir neçə dəfə artacağının şahidi olacağıq".