Dövlət büdcəsinə əlavə daxilolmalar sosialyönümlü tədbirlərə yönəldiləcək

2021.01.05 14:18 (UTC+04:00)

Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerjidaşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Hazırda qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının pərakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahidə edilir. Bunun obyektiv səbəbləri var və təcrübə göstərir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin qarşısını alır. Əslində, hələ 2020-ci ildə bəzi ölkələrdə belə artım müşahidə edilməyə başlandı və çevik iqtisadi üsullarla artım dinamikası müəyyənləşdirilərək dərhal istehlak bazarında öz əksini tapdı. Məsələn, biz 2019-2020-ci illərdə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya və s. kimi ölkələrdə müvafiq olaraq benzin və dizel yanacağının qiymətində 4 faizdən 32 faizədək artım müşahidə etdik.

Bunu açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu qeyd edib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir. Lakin bu dövr ərzində Azərbaycanda dövlətin həyata keçirdiyi xüsusi sosial və tarif siyasəti sayəsində qiymət bazarı sabit olaraq qaldı.

Deputat deyib: “Ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılmışdı. Ancaq ötən dövr ərzində respublika üzrə orta aylıq əməkhaqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib, 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Göründüyü kimi, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb və bu özlüyündə vətəndaşlarımızın alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir. Qeyd etmək lazımdır ki, bu mərhələdə benzinin və dizel yanacağının pərakəndə satış qiymətində heç bir artım baş verməyib. Baxmayaraq ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib”.

Hikmət Babaoğlu qeyd edib ki, idxalın artması analoji olaraq, benzinə və dizelə tələbatın artması qiymət tənzimlənməsini zəruri edən səbəblərdən birinə çevrilib. Eyni zamanda, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Bu iki sosial paket ümumilikdə, 4,2 milyon nəfəri əhatə edib ki, bu da əhalinin 42 faizi deməkdir. Paketlərin maliyyə həcmi isə 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manat təşkil edib: “Göründüyü kimi, bütün bunlar ümumi iqtisadi münasibətlər və real maliyyə münasibətləri kontekstində obyektiv qiymətləndirmə tələb edir. Ancaq buna baxmayaraq, hazırda tətbiq edilən qiymət artımı digər sahələrdə qiymət artımına səbəb olmayacaq. Çünki paralel olaraq müvafiq önləyici tədbirlər də həyata keçirilir. Məsələn, qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcək. Bu isə qiymətartımına qarşı həssas olan sosial təbəqəni qorumaq deməkdir.

Deputatın sözlərinə görə, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə, sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.