Cari ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 193,7 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadla xəbər verir ki, noyabrda qeyri-neft sektorunun ümumi ixracda payı 23,4 faiz təşkil edib. Ötən dövrlə müqayisədə bu rəqəm 9,3 faiz çoxdur.
Noyabrda yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 faiz, qeyri-yeyinti sektoru üzrə isə 49,7 faiz olub.
Yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında meyvə-tərəvəz ixracı 549,5 milyon, pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,4 milyon, kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon, pambıq ipliyi ixracı 15 milyon, spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı 21,4 milyon, bitki və heyvan mənşəli piylər və yağların ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında meyvə-tərəvəz ixracı 1,4 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 33,1 faiz, çay ixracı 0,5 faiz artıb.