Qaz satışının təşkili ilə bağlı suallara aydınlıq gətirilib

2021.01.07 12:02 (UTC+04:00)

Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bununla bağlı yaranan suallara aydınlıq gətirib. Bildirib ki, Azərbaycanda təbii qazın hasilatı ilə təkcə SOCAR məşğul olmur, qaz hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir: “Ötən ilin misalında götürsək, SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6,8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11,5 milyard kubmetr qaz istehlak olunub. Ölkədaxili tələbatı təmin etmək üçün SOCAR hasil etdiyi qazdan əlavə, digər hasilatçı şirkətlərdən və konsorsiumlardan qaz həcmlərini alır, öz infrastrukturlarından istifadə edərək emal edir, lazım olduğu təqdirdə anbarlarında saxlayır, magistral kəmərləri vasitəsi ilə daşıyır və müxtəlif istehlakçılara qazın həm topdan, həm pərakəndə satışını təşkil edirdi”.

Qeyd edilib ki, qazı topdan alan istehlakçılardan biri SOCAR-ın Azəriqaz İstehsalat Birliyi, digərləri isə SOCAR-a aid olmayan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti və Azərenerji ASC-dir. Yəni SOCAR indiyə qədər ölkədə yalnız təbii qaz istehsalçısı kimi deyil, həm də qaz hasil edən şirkətlərlə qazpaylayıcı şəbəkələr arasında bir növ vasitəçi qismində, eləcə də ölkənin ən böyük qazpaylayıcı şəbəkəsinin istismarçısı qismində çıxış edirdi.

“Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 N-li qərarı ilə SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri, yəni təbii qazın topdan alqı-satqısı “Azərkontrakt” ASC-yə ötürülüb. “Azərkontrakt” ASC gələn ildən ölkəmizdə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək. “Azərkontrakt” ASC SOCAR, ABƏŞ, Şahdəniz konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini Azərenerji ASC-yə, SOCAR-ın Azəriqaz İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satacaq”.

Fərqanə Allahverdiqızı