Gələn ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə 2,2 milyard vəsait ayrılması nəzərdə tutulur

2020.12.30 15:02 (UTC+04:00)

- Əli müəllim, gələn ilin büdcə zərfinin əsas hədəfləri müəyyənləşdirilərkən hansı amillərə üstünlük verilib?

- Gələn ilin dövlət büdcəsinin əsas prioritetləri dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi və yenidən qurulması, COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi və əhalinin sosial müdafiəsi üçün əlavə tədbirlərin görülməsidir. Büdcə layihəsində qeyri-neft sektorunun inkişafı əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb. 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 4 faiz ətrafında enmə gözlənilir. Gələn il gözlənilən bir sıra qlobal qeyri-müəyyənlilklər və şoklar şəraitində 2021-ci ilin büdcə zərfində ÜDM-in 3,4 faiz artımı, inflasiyanın 3 faiz, manatın dollara nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində saxlanılmasıproqnozlaşdırılır. Bu il Azərbaycanda ÜDM təxminən 4 faiz aşağı düşdükdən sonra, gələn il qarşıya qoyulanhədəflərə çatmaq mümkün olsa, bu, növbəti illər üçün açar rolunu oynayacaq. Orta perspektivdə makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının saxlanılması iləə yüksək və dayanıqlı artıma nail olub, iqtisadi artım templərimizin orta dünya göstəricisindən yüksəyə qalxması üçün münbit şərait yaranacaq.

- İşğaldan azad edilən ərazilərin bərpası üçün nə qədər vəsait nəzərə tutulur və hansı işlər prioritet olacaq?

- 2021-ci ilin dövlət büdcəsi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini nəzərdə tutan ilk büdcədir. Gələn ilin büdcə layihəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması, yol, işıq, su, qaz, rabitə və digər zəruri infrastrukturların,eləcə də təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, yaşayış evlərinin tikintisi və mədəni-tarixi abidələrin bərpası və s. bu kimi məsələlərin həllinə 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Büdcə xərcləmələrində, xüsusən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadədə şəffaflığın, nəzarətin və hesabatlılğın gücləndirilməsi, nəticəliliyin artırılması, eləcə də bərpa-quruculuq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 2,2 milyard manatlıq vəsaitin multiplikativ effektini artırmaqdan ötrü dövlət-cəmiyyət-özəl sektorun fəaliyyətinin effektiv kombinasıyasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Yəni işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin bu qədər vəsait ayırması ilə iş bitmir. Həmin işlər yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bu iş yüksək keyfiyyətlə həyata keçirilsə, özəl sektor, yerli və xarici investorlar Qarabağa sərmayə qoymağa başlayacaq və bununla büdcədə nəzərdə tutulduğundan daha çox vəsait cəlb olunacaq. Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpasına və yenidən qurulmasına, müasir infrastrukturların yaradılmasına beynəlxalq təşkilatların da cəlb edilməsi çox vacibdir.

- Əhalinin məşğulluğunun təmin edilməsi, bu istiqamətdəki proqramların dəstəklənməsi üçün hansı addımlar atılacaq?

- Dövlət büdcəsi xərclərinin sosial yönümlülüyünün təmin edilməsi, özünüməşğulluq proqramı üzrə maliyyə təminatının yaradılması məqsədilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinin davam etdirilməsi büdcə xərclərinin əsas istiqamətlərindən olacaq. 2021-ci ildə əsas diqqət işğaldan azad olunanbölgələrə geri dönəcək vətəndaşlarımızın layiqli məşğulluğunun təmin olunmasına yönəldiləcək. Növbəti illərdə 16 min ailənin özünüməşğulluğu təmin ediləcək. DOST Agentliyinin fəaliyyəti, sosial dəstək tədbirləri, şəhid və qazi ailələrinə diqqət, özünüməşğulluq layihəsinə cəlb edilən ailələrin sayı nəzərəçarpan dərəcədə artacaq. 2021-ci ildə və 3 illik hədəf üzrə yaxın perspektivdə 10 min insanın peşə təhsilinin təmin edilməsi nəzərdə tutulur. Cari ildə 3 min nəfərin peşə təhsili, 1000 nəfərin isə sertifikat alması planlaşdırılır.

- Gələn il sosial xərclərə nə qədər vəsait ayılacaq? Sosial sahədə hansı istiqamətlərə üstünlük veriləcək?

- 2021-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılıb. Bu rəqəm 2020-ci illə müqayisədə 564 milyon manat və ya 5 faiz çoxdur. Büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq sosialyönümlü xərclərə əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərcləri daxildir. Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, 2021-ci ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 39 faizə yaxın təşkil edəcəyi gözlənilir.

Bu il orta əməkhaqqının 14-15 faiz artımı gözlənilir.Həmin artım tempinə uyğun olaraq orta pensiya da artırılıb və 338 manata çatıb. Yaşa görə pensiya isə təqribən 13 faiz artaraq 370 manat təşkil edəcək.

Fərqanə Allahverdiqızı