Mərkəzi Bank gələn il üçün maliyyə proqnozlarını açıqlayıb

2020.12.29 13:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Mәrkәzi Bankı 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin əsas istiqamәtlәri barәdә bәyanat yayıb. Sənədin bir bölümü qarşıdakı il üçün makroiqtisadi proqnozlara həsr olunub.

Azәrbaycanın ticarәt tәrәfdaşları olan ölkәlәrdә iqtisadi artımın 2021-ci ildә 5% tәşkil edәcәyi gözlәnilir. Mövcud qeyri-müәyyәnliklәr şәraitindә tәrәfdaş ölkәlәrin maliyyә bazarlarında yeni kәskin dәyişkәnliklәr dalğası istisna olunmur. Qlobal әmtәә bazarları ilә bağlı da qeyri-müәyyәnliklәr yüksәk olaraq qalır. Müxtәlif әmtәәlәr üzrә dünya qiymәtlәrinin fәrqli istiqamәtlәrdә dәyişmәsi istisna edilmir. Son vaxtlarda müxtәlif әczaçılıq şirkәtlәrinin tәhlükәsiz vә tәsirli COVID-19 peyvәndinin istehsalı istiqamәtindә irәlilәyişlәri neft bazarına müsbәt tәsir göstәrib. Yenilәnmiş proqnozlar 2021-ci ildә neftә olan gündәlik tәlәbatın artacağını göstәrir. Qeyd olunanları nәzәrә alaraq bir sıra analitik mәrkәzlәr dekabrda 2021-ci ilә neft qiymәti proqnozunu artırmaq istiqamәtindә dәyişmişlәr. Başlıca analitik mәrkәzlәr üzrә 2021-ci ilә konsensus qiymәt 1 barelә 48 dollar sәviyyәsindә qiymәtlәndirilir. Bununla belә, tәklifin artımının qiymәt artımını mәhdudlaşdıracağı gözlәnilir. Digәr tәrәfdәn, pandemiyanın texnoloji innovasiyalara verdiyi tәkan da nәzәrә alınmaqla neft mәhsullarına tәlәbdә uzunmüddәtli azalma meylinin davam edәcәyi ehtimal olunur. Pandemiya ilә bağlı tәklifin azalması şәraitindә dünya әrzaq qiymәtlәrindә cari ildә başlanmış bahalaşmanın davam edәcәyi proqnozlaşdırılır. Dünya Bankının proqnozlarına görә 2021-ci ildә qiymәtlәrin kәnd tәsәrrüfatı mәhsulları üzrә 1,4% artacağı gözlәnilir. Qlobal iqtisadi aktivlikdә bәrpa qlobal ticarәtin dә bәrpasına müsbәt tәsir edәcәkdir. Ümumdünya Ticarәt Tәşkilatının proqnozuna görә, 2021-ci ildә qlobal ticarәtin artım tempi 7,2% tәşkil edәcәkdir. Baza ssenari üzrә proqnozlar növbәti ildә Azәrbaycanda xarici vә daxili balans göstәricilәrinin 2020-ci ilә nәzәrәn yaxşılaşacağını göstәrir. 2021-ci ildә pandemiya ilә vәziyyәt, neftin dünya bazarında qiymәtinin dinamikası, OPEC++ anlaşmasının perspektivlәri, ticarәt tәrәfdaşlarında gedәn proseslәr, idxalın dinamikası, Azәrbaycanın xarici balansına tәsir göstәrәn әsas amillәr olacaqdır. 2021-ci ildә Azәrbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tәdricәn bәrpa olunacağı proqnozlaşdırılır. Rәsmi proqnozlara görә, 2021-ci ildә real iqtisadi artım tempinin baza ssenarisi üzrә 3,4%, o cümlәdәn qeyri-neft sektoru üzrә 3,1% olacağı gözlәnilir. Xarici tәlәbin bәrpası prosesinin başlanması, elәcә dә tәxirә salınmış tәlәb hesabına daxili tәlәbin bәrpası iqtisadi artımın bәrpası proqnozunun әsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildә iqtisadi artımın öz potensialına yaxınlaşmasına şәrait yaradan әsas amillәrdәn biri olacaqdır. Kontr-tsiklik makroiqtisadi siyasәt vә işğaldan azad olunmuş әrazilәrdә bәrpa işlәrinin başlanması da 2021-ci ildә iqtisadi artımın әsas drayverlәrini canlandıracaqdır. Tәqdim edilmiş büdcә layihәsinә әsasәn növbәti ildә dövlәt büdcәsi xәrclәrinin 2020-ci ilә nәzәrәn 3,8%, o cümlәdәn әsaslı xәrclәrin 7,9% artırılacağı proqnozlaşdırılır. Növbәti ildә “fiskal fәza”dan kontr-tsiklik olaraq istifadә olunması makroiqtisadi sabitliyin qorunması baxımından da әhәmiyyәtlidir. Ortamüddәtli dövrә isә yeni iqtisadi reallıqlar nәzәrә alınmaqla yeni makrofiskal çәrçivәyә keçid diqqәtdә saxlanılmalıdır. Bundan başqa dövlәt büdcәsi kәsirinin mümkün qәdәr azaldılması vә onun dayanıqlı qeyri-inflyasyon mәnbәlәrlә maliyyәlәşdirilmәsi fiskal prioritetlәrdәn olmalıdır. 2021-ci ildә daxili balans üzrә qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaqdır.