44 gün davam edən və Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində şəhid olanlar arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti alan vətəndaşlarımızın da adları var.
Fonddan bildirilib ki, Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub. Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəlikləri müvafiq sığortaçılar tərəfindən tam olaraq bağlanılıb.