Dərman idxalçıları və satışını həyata keçirən sahibkarlarla görüş keçirilib

2020.12.28 12:24 (UTC+04:00)

Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazlar tərəfindən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılması və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılması halları müşahidə olunur. Bu halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlər daha da gücləndirilib.

Dövlət Xidmətindən bildirilib ki, dərman vasitələrinin satışı bazarında mövcud vəziyyətin müzakirəsi məqsədilə iri dərman idxalçıları və aptek şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satışının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövriyyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb. Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb. Eyni zamanda, sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artırılması tövsiyə edilib.

Görüşdə dərman idxalçıları tərəfindən səsləndirilən təkliflər dinlənilib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.