İqtisadiyyatın artımı və inkişafı üçün ölkədə kifayət qədər manevr imkanları var

2020.12.23 13:58 (UTC+04:00)

Növbəti ildə büdcə xərclərinin artması iqtisadi artımı və məşğulluq proqramını dəstəkləyəcək.
Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu il ölkəmiz üçün əlamətdar olub. Azərbaycan Vətən müharibəsində Qələbə qazanaraq öz ərazilərini işğaldan azad edib. Tezliklə insanlar öz yurd-yuvalarına qayıdacaqlar.
“Təqdim edilmiş 2021-ci il üzrə büdcə layihəsi qarşıda yeni vəzifələr qoyur. Bəs qarşıdakı 5-10 il ərzində bizi hansı çağırışlar gözləyir? Bu çağırışlar Böyük Qayıdış və ÜDM-in ikiqat artırılması, dayanaqlılığın təmin edilməsi, makroiqtisadi stabilliyin qoyrunmasıdır”, - deyə E.Rüstəmov diqqətə çatdırıb.
Mərkəzi Bankın sədri deyib ki, postpandemiya və ərazilərimizin bərpası kimi vəzifələr qarşıya qoyulub: “Büdcə kəsirlərindən danışarkən qeyd etmək lazımdır ki, fiskal dəyişiklik var və bu illərdir davam edir. Hesab edirəm ki, iqtisadiyyatın artımı və inkişafı üçün ölkədə kifayət qədər manevr imkanları var”.