Gələn ildən ölkəmizin bütün ərazisində icbari tibbi sığorta tətbiq olunacaq

2020.12.23 11:40 (UTC+04:00)

Yanvarın 1-dən Azərbaycanda mərhələrlərlə işçinin, işəgötürənin, bəzi vergi ödəyicilərinin və fərdi sahibkarların sosial vergi yükü artacaq. Mövzunu iqtisadçı ekspert Qalib Bayramov şərh edir.

İcbari tibbi sığorta haqqının yığılmasının ölkə ərazisini 1 aprel 2020-ci ildən əhatə etməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası planların dəyişməsinə səbəb oldu, müddət 1 yanvar 2021-ci ilə təxirə salındı.

Maraq doğuran suallardan biri budur ki, icbari sığorta haqqını kimlər, nə qədər ödəyəcəklər?

Qanunvericiliyə əsasən:

-muzdla işləyənlər üzrə bütün işəgötürənlər, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqqının 2 faizi (8000 manatdan yuxarı əməkhaqqından 0,5 faiz) həcmində;

- muzdlu işçilər (əmək müqaviləsi ilə işləyən sığortaolunanlar) əməkhaqqının 2 faizi (8000 manatdan yuxarı əməkhaqqından 0,5 faiz) həcmində;

- vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi qədər (Hazırda bu məbləğ 10 manatdır(250x4/100)).

Zəruri qeyd: vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda (sadə dildə desək, VÖEN-i bağlatdıqda) bu məbləği ödəmir.

- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər gəlirlərinin 8000 manatadək hissəsinin 2 faizi, 8000 manatdan yuxarı hissəsinin 1 faizi həcmində.

Zəruri qeyd: Mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirənlər (VÖEN-sizlər) bu tutulmanı özləri həyata keçirmirlər. Belə şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər Yəni onlara bu işi sifariş verən VÖEN-li şəxslər çıxış edir.

- Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tam təqvim ili üçün adambaşına 90 manat. Bu ödəmələr dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək;

-yuxarıdakı 5 bəndə daxil olmayan digər sığortaolunanlar minimum aylıq əməkhaqqının 48 faizi həcmində. İndiki meyarlarla bu məbləğ 120 manatdır(240x48/100);

- Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

- vergi ödəyiciləri tərəfindən araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayından mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.Bununla da gələn ildən ölkənin bütün ərazisində icbari tibbi sığorta tətbiqi olunacaq.

Hazırladı: Fəxriyyə İkramqızı