Özbəkistan hökuməti gələn il üçün vergi siyasətinin əsas istiqamətlərini açıqlayıb

2020.12.25 13:46 (UTC+04:00)

Özbəkistan Respublikasının Maliyyə Nazirliyindən bildirilib ki, gələn il üçün vergi siyasətinin başlıca istiqamətlərini mövcud vergi dərəcələrinin saxlanılması olacaq: əlavə dəyər vergisi (15%), mənfəət vergisi (15%, ayrı-ayrı kateqoriyalar üçün 20%) , fiziki şəxslərin gəlir vergisi (12%), hüquqi şəxslərin əmlak vergisi (2%), kənd təsərrüfatı təyinatlı torpaqlar üçün torpaq vergisi (0,95%), sosial vergi (təsərrüfat subyektləri üçün 12%, büdcə təşkilatları üçün 25%), dövriyyədən vergi (baza dərəcəsi 4%) olduğu kimi saxlanılacaq.

Açıqlamada qeyd edilib ki, gələn ilin vergi siyasəti Vergi Məcəlləsinin birbaşa tətbiqini təmin etməyi nəzərdə tutan vergi islahatlarının davam etdrilməsinə, ixracatçıların dəstəklənməsinə, vergi yükünün vergi ödəyiciləri arasında ədalətli paylanmasına, təbii resurslardan səmərəli istifadə olunmasına yönəldiləcək.

Qanun layihəsində Vergi Məcəlləsinə aksiz vergisinin, torpaq vergisinin, su ehtiyatlarından istifadə vergisinin, fiziki şəxslərdən tutulan sabit verginin dərəcələrinin, eləcə də bu dərəcələrin tətbiqi ilə bağlı normaların daxil edilməsi nəzərdə tutulur.