“Kartla ödə, kartla qazan” stimullaşdırıcı lotereya üzrə qaliblər müəyyənləşib

2020.12.22 14:51 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) cəmiyyətdə nağdsız ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən və cari ilin noyabr ayını əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu oynanılıb.
AMB-dən bildirilib ki, lotereya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilib.
Lotereya dövründə Azərbaycan bankları tərəfindən emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edib. Ümumilikdə, noyabr ayı ərzində lotereya şərtlərinə uyğun olan 538 min 429 ödəniş kartı ilə aparılmış 2 milyon 471 min 829 əməliyyat lotereyada qalib olmaq şansı əldə edib. Lotereya nəticələrinə uyğun olaraq, qalib gəlmiş 899 ödəniş kartı sahibinin hesabına hər biri 100 manat məbləğində olmaqla “cashback” vəsaiti mədaxil edilib.
Nəticə etibarilə, cari ilin noyabr ayı ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 11 milyona, həcmi isə 592 milyon manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 61 faiz və 32 faiz artım deməkdir. Eyni zamanda, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların say və həcm göstəricilərində ötən ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 90 faiz və 94 faiz artım müşahidə olunub. POS-terminal vasitəsilə aparılan təmassız ödənişlərin say və həcm göstəriciləri isə ötən ilin 11-ci ay indikatorlarını müvafiq olaraq 3,6 və 5,5 dəfə üstələyib.
Qeyd edək ki, “Kartla ödə, kartla qazan” lotereyası Mərkəzi Bank tərəfindən cari ildə təşkil olunan sayca 3-cü stimullaşdırıcı kampaniyadır. Bu kimi tədbirlərin nağdsız ödənişlərin təşviqinə vermiş olduğu töhfə statistik göstəricilərdə öz əksini tapmaqdadır. Növbəti illərdə də nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdiriləcək.
Lotereya üzrə qaliblərin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində tanış olmaq olar: https://www.cbar.az/page-465/pay-by-card-win-by-card-2020