Türkiyə ilə İraq arasında ikiqat vergitutmanın və vergidən yayınmanın qarşısını almaq məqsədilə saziş imzalanıb

2020.12.23 13:14 (UTC+04:00)

Türkiyə Cümhuriyyəti Gəlir İdarəsi Başqanlığının internet saytında verilmiş məlumatda bildirilir ki, Xəzinə və Maliyyə Naziri Lütfi Əlvan ilə İraqınPlanlaşdırma Naziri Xalid Battal Əl Naci tərəfindən imzalanmış sazişin başlıca məqsədi sərmayəçilər üçün Türkiyənin və İraqın daha cəlbedici hala gətirilməsidir.

Saziş hər iki ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Sazişə əsasən, vergiləndirmə hüququ gəlir əldə edən şəxsin yerləşdiyi ölkəyə verilərkən gəlirin əldə edildiyi ölkənin vergiqoyma hüququndakı mənfəət payı müəyyən miqyaslarla məhdudlaşdırlır. Bundan əlavə, digər ölkədə 12 aydan az davam edən inşaat, istehsal, montaj və ya quraşdırma layihəsi, yaxud bunlarla bağlı müşahidə fəaliyyətlərinin, həmin fəaliyyətlərin yerinə yetirildiyi ölkədə vergiyə cəlb edilməməsi nəzərdə tutulur.

Bu sazişin imzalanması ilə ikiqat vergitutmanın və vergidən yayınmanın qarşısının alınması məqsədilə Türkiyənin indiyə qədər imzaladığı sazişlərin sayı 95-ə çatıb. Həmin sazişlərdən 85-i artıq qüvvəyə minib.