İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiya tamamlanmaq üzrədir.
Millət vəkili Vüqar Bayramov bildirib ki, sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir: “Konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir. Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm həmin ərazilərimizdə məskunlaşacaq sakinlər, həm də sahibkarlar üçün xüsusi güzəştlərin verilməsinə ehtiyac vardır”.
Millət vəkili qeyd edib ki, sahibkarlar üçün vergi güzəştləri, eləcə aşağı faizli kredit imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər.
“Nəzərə almaq lazımdır ki, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin yeni yaratdığı Elektron Kredit Platforması ilə alınan məhsulun özünün girov kimi qəbul edilməsi prinsipi ilə kreditlər təklif olunur. Bu mexanizmə oxşar modelin işğaldan azad edilmiş ərazilərdə istifadəsi də məqsədəuyğun olardı”, - V.Bayramov qeyd edib.
Millət vəkili işğal olunan rayonlara yaşayacaq əhalinin məşğulluq məsələsinə də toxunub. Həmin ərazilərdə yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özüməşğulluq proqramının genişləndirilməsi təklif edilib. Bu kimi tədbilərin məskunlaşmadan sonra həmin bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada biləcəyi vurğulanıb: “Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir”.
Fərqanə Allahverdiqızı