Venesiyada turizm vergisinin tətbiqi 2022-ci ilədək təxirə salınıb

2020.12.22 13:39 (UTC+04:00)

Dünyanın ən cəlbedici turizm ünvanlarından olan Venesiya şəhərinin rəhbərliyi 2020-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan turizm vergisinin tətbiqini 2022-ci ilə qədər təxirə salmaq barədə qərar qəbul edib. “COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı turist axınının bərpa olunmasına şərait yaratmaq üçün mühüm addım atmağı qərara aldıq”, - şəhərin bələdiyyə şurasının üzvü, büdcə məsələlərinə məsul Maykl Dzuin bildirib.

Onun sözlərinə görə, turizm vergisinin tətbiqi tarixinin dəyişdirilməsi barədə qərar koronavirus pandemiyası nəticəsində kəskin itkilərə məruz qalmış şəhər iqtisadiyyatının yenidən qurulması planı çərçivəsində qəbul edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Venesiyaya gələn hər turistdən 10 avro vergi tutmaq planlaşdırılmışdı. 2022-ci ildə bu verginin dərəcəsinin nə qədər olacağı hələ qəqiqləşdirilməyib.