Bu il hər bir ölkə sakini 624,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

2020.12.18 17:10 (UTC+04:00)

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq 6 milyard 227,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 685,1 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215,1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.