Məhəmməd Barkindo: Azərbaycan OPEC-in vacib tərəfdaşı və “Əməkdaşlıq Bəyannaməsi”nin əsas oyunçusudur

2020.12.17 14:40 (UTC+04:00)

Azərbaycan OPEC üçün vacib tərəfdaş və “Əməkdaşlıq Bəyannaməsi”nin əsas oyunçusudur.
Bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo dekabrın 17-də Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının videokonfrans formatında keçirilən 31-ci iclasında deyib.
M.Barkindo Azərbaycan Prezidenti İlham Əliyevə “Əməkdaşlıq Bəyannaməsi”nin məqsədlərinə olan bağlılığa görə təşəkkür edib, dövlətimizin başçısının yorulmaz səylərinin konsensus yaratmağa və birgə fəaliyyətə kömək etdiyini vurğulayıb.
OPEC-in Baş katibi deyib: “Azərbaycan 2016-cı ildə qurulduğu gündən bəri “Əməkdaşlıq Bəyannaməsi”nin əsas üzvü olub. Prezident İlham Əliyev OPEC və qeyri-OPEC-i neft sənayesini xilas etmək üçün iş birliyinə açıq şəkildə səsləyən ilk dünya lideridir. Azərbaycan Prezidenti vizioner rəhbərliyi ilə ölkəsinin inanılmaz tarixinə hörmət edir”.
Qeyd edək ki, Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edir.