Azərbaycanın Avropa dəyər zəncirlərinə inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb

2020.12.17 14:07 (UTC+04:00)

Avropa İttifaqı Şurasına Almaniyanın sədrliyi çərçivəsində “Şərq Tərəfdaşlığı: biznes günləri” mövzusunda onlayn görüş keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, görüşdə ölkəmizin Avropa dəyər zəncirlərinə inteqrasiyasının gücləndirilməsi məsələsi müzakirə olunub. İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və sair barədə məlumat verib.
Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini qeyd edən nazir müavini vurğulayıb ki, insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması məqsədilə müvafiq tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, qarşılıqlı investisiya əməkdaşlığının həyata keçirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, iki ölkə arasında ticarət, investisiya, turizm və sair sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Sonda iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.