Dövlət Vergi Xidməti ilə Banklar Assosiasiyası məsləhətləşmələr aparıb

2020.12.17 12:52 (UTC+04:00)

Məlum olduğu kimi, bir sıra dövlətlərlə Azərbaycan Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında konvensiyalar mövcuddur. Bu konvensiyalarda nəzərdə tutulmuş müddəaların tətbiqi ilə bağlı yaranan məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib.
ABA-dan bildirilib ki, görüşdə ölkə banklarının maraq dairəsində olan dövlətlərlə “İkiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında” konvensiyalarda göstərildiyi qaydada məsləhətləşmələr aparılmasının mümkün həll yolları müzakirə edilib. Görüş nəticəsində bu istiqamətdə atılacaq növbəti addımlar müəyyənləşdirilib və birgə müzakirələrin davam etdirilməsinə qərar verilib.