Bu günün aktual iqtisadi mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsidir. İqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev həmin ərazilərdə yaşayışın bərpa edilməsi üçün yüngül sənayenin əhəmiyyətini vurğulayıb.
İşğaldan azad olunmuş regionların əksəriyyətinin kənd təsərrüfatı rayonları olduğunu, həmçinin yüngül sənaye xammalının əsasını kənd təsərrüfatı məhsullarının təşkil etdiyini nəzərə alsaq, bu sahənin inkişafı üçün böyük perspektivlər olduğunu deyə bilərik. Məsələn, baramaçılığın inkişafı müvafiq yüngül sənayemüəssisələrinin açılmasına əlverişli şərait yaradacaq.
Bu sahədə tarixi təcrübə də var. XX əsrin əvvəllərində Şuşa və Cəbrayıl qəzalarında 17 ipəkəyirən fabrik (12-si Şuşada, 5-i isə Cəbrayılda) fəaliyyət göstərib. Bunlarla yanaşı, Şuşada 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabrikdən ibarət səhmdar cəmiyyət də fəaliyyət göstərib.
Sovet dövründə də Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayılda olub.
Qarabağda xalçaçılıq sənətinin zəngin ənənələri var. Xalçaçılığı inkişaf etdirməklə həm daxili bazarın tələblərini ödəmək, həm də beynəlxalq bazarda ənənəvi Qarabağ xalçalarının satışını təşkil etmək mümkündür. Bu, dünyada Azərbaycan mədəniyyətinin təbliği baxımından da perspektivlidir.
Hazırda yüngül sənaye məhsulları ölkəmizə əsasən Çin və Türkiyədən idxal olunur. Dünya iqtisadiyyatına təsir göstərən pandemiya Azərbaycanda da sənayenin strukturuna yenidən baxmağı zəruriləşdirir. Bu baxımdan, daxili bazarda idxalı yerli istehsalla əvəz etməyə şərait yaranıb.
Müasir texnologiyalara əsaslanan yüngül sənaye avadanlıqları çox bahalı olduğuna görə bu sektora iri həcmdə investisiyaların cəlb edilməsinə ehtiyac var. Ona görə də işğal edilmiş ərazilərimizdə yüngül sənayenin yaradılması və inkişaf etdirilməsi güclüdövlət dəstəyi və xarici investisiya qoyuluşları ilə həyata keçirilə bilər.
Fərqanə Allahverdiqızı