Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı bu il 7 faiz artacaq

2020.12.14 14:51 (UTC+04:00)

Cari ildə qlobal miqyasda bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin həcmi keçən ilə nisbətən 7 faiz artacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildə kömürdən elektrik enerjisi istehsalı 5 faizlik geriləmə ilə bu vaxta qədərki ən böyük azalmanı nümayiş etdirəcək və 2012-ci ildəki səviyyəyə qayıdacaq. İl ərzində atom elektrik enerjisi stansiyalarının istehsalı 4 faiz və təbii qazdan elektrik enerjisi istehsal isə 2 faiz azalacaq. Bu mənbələrdən elektrik enerjisi istehsalının geriləməsi il ərzində karbon emissiyalarının da 5 faiz azalmasına səbəb olacaq.
Cari ildə 28 faiz olan bərpaolunan enerji mənbələrinin ümumi elektrik istehsalındakı payı 2021-ci ildə 29 faizə yüksələcək. Bu il kömürdən elektrik enerjisi istehsalı azalsa da, gələn il təxminən 3 faiz artacaq.
Fransa və Yaponiyadakı bərpa prosesi, Çin və Birləşmiş Ərəb Əmirliklərində yeni güclərin işə salınması ilə gələn il atom elektrik enerjisi stansiyalarının istehsalı 2,5 faiz artacaq. İnkişaf etməkdə olan ölkələrdə ənənəvi enerji mənbələrindən hasilatın artması ilə 2021-ci ildə elektrik enerjisi sektorundakı emissiyalar 2 faiz çoxalacaq.