Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, sənəd layihəsi müzakirə edilir və hökumətə təqdim olunacaq. Konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr, şəhərsalma və ərazi qurulması ilə bağlı məsələlər, təbii ki, bunların reallaşdırılması üçün zəruri hüquqi, iqtisadi, maliyyə güzəştləri və təşviqlər sistemi nəzərdə tutulur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq hazırda təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal təchizat kimi məsələləri qeyd etmək olar.