Əvəzçilik üzrə işlə bağlı məhdudiyyətlər

2020.12.17 12:09 (UTC+04:00)

Əmək qanunvericiliyi hansı hallarda işçinin əvəzçilik üzrə işləməsinə qadağa qoyur? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 58-ci maddəsinin beşinci və altıncı hissələrində göstərilən hallarda əvəzçilik üzrə işləməyə icazə verilmir. Həmin hissələrin müddəalarına əsasən:

İşçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışmasına icazə verilmir.

Açıqlama: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli, 1 nömrəli qərarı ilə işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı təsdiq olunub.

Bu siyahıya əsasən, neft-qaz sənayesində, o cümlədən dəniz qazması işlərində çalışan işçi əlavə iş yeri olaraq yeraltı işlər sahəsində fəaliyyət göstərən müəssisədə çalışa bilməz.

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər.

Əmək Məcəlləsinin 91-ci maddəsində əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır.

Misal. Əsas iş yeri kimi “A” MMC-də çalışan 17 yaşlı T.Mahmudovun həftəlik iş vaxtı 25 saatdır. Deməli, T.Mahmudov əlavə iş yer(lər)ində həftəlik ən çoxu 11 saat işləyə bilər: onun əlavə iş yer(lər)ində 11 saatdan çox işləməsinə qanunvericilik icazə vermir.

Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

“Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə əsasən, dövlət qulluqçusunun dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, həmçinin elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.

Fəxriyyə İkramqızı