Elon Maskın şirkətlərini Kaliforniyadan Texasa köçürməsi vergilərlə əlaqələndirilir

2020.12.14 13:45 (UTC+04:00)

“Tesla” və “SpaceX”in şirkətlərinin qurucusu, dünyanın ən varlı insanları siyahısında ikinci yeri tutan Elon Mask texnoloji şirkətlərin mərkəzi sayılan Kaliforniyadan ayrılaraq Texasa köçdüyünü bildirib. Bundan əlavə, o, bərpa olunan enerji, kosmik axtarışlar, süni intellekt və elm-təhsil kimi sahələrdə fəaliyyət göstərən “Elon Mask” fondunu da Kaliforniyadan Texasa köçürüb.

"Wall Street Journal”a açıqlamasında o, hazırda davam etdirdiyi iki böyük layihədən birinin Texasın cənubunda kosmik gəminin hazırlanması, digərinin isə “Tesla” üçün yeni zavodun tikintisi olduğunu bildirib.

E.Mask bu qərarını “Kaliforniyada vaxtdan səmərəli istifadə edə bilmədiyi” ilə əlaqələndirsə də, təhlilçilər belə bir addımın atılmasını ABŞ-ın ayrı-ayrı əyalətlərinin vergi sistemləri arasındakı fərqlə əlaqələndirirlər.

Texasda fərdi vergi yığılmadığı halda, Kaliforniya ABŞ-da vergilərin ən yüksək olduğu yerdir.

Qeyd edək ki, 49 yaşlı E.Mask milyarderlər siyahısınınilk onluğuna ilk dəfə bu il düşüb. “Bloomberg milyarderlər indeksi”nə görə, “Tesla” səhmlərinin bu il 670 faiz bahalaşması sayəsində E.Maskın təmiz sərvəti 27 milyard dollardan 155 milyard dollara yüksəlib.