Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

2020.12.09 16:18 (UTC+04:00)

Dekabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dörd məsələyə baxılıb.
Komitənin sədri Tahir Mirkişili əvvəlcə 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti həm hərbi, həm siyasi, həm də diplomatik cəbhədə mühüm və böyük tarixi zəfər əldə edib. Qarabağda düşmənin beli qırılıb, başı əzilib. Ermənistanın işğalçı ordusunun şəxsi heyətinin mühüm hissəsi məhv edilib.
Komitə sədri bildirib ki, Azərbaycanın qalibiyyət əldə etməsində iqtisadi potensialın çox ciddi rolu olub. İqtisadi güc qələbələrə və hərbi gücə transformasiya olunub. Qələbə qarşımızda yeni çağırışlar qoyub. Tahir Mirkişili deyib ki, biz Milli Məclis olaraq, qanunverici orqan olaraq qarşımızda duran əsas çağırışlara – yeni qanunların qəbulu, mövcud qanunların təkmilləşdirilməsi və yeni mexanizmlərin işlənib hazırlanmasına təşəbbüs göstərməliyik. Əminəm ki, Azərbaycan dövlətinin bundan sonra da güclənməsi, ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərə nail olunması üçün çağırışlar istiqamətində əlimizdən gələni edəcəyik.
Sonra iclasda iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov gündəlikdəki iki məsələni – “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edib. Öncə erməni işğalçılarına qarşı mübarizədə qazanılmış müqəddəs Zəfərlə bağlı təbriklərini çatdıran Mərkəzi Bankın sədri qeyd edib ki, son 17 il ərzində aparılan düşünülmüş siyasət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına şərait yaradıb. İndi işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində ciddi çağırışlar var və bu prosesdə maliyyə sektoru daha ciddi rol oynamalıdır. Sonra Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən Elman Rüstəmov deputatların nəzərinə çatdırıb ki, ölkəmizdə 2016-cı ilin martından tətbiq olunan əmanətlərin tam sığortalanması qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunmasında, bank sistemində sabitliyin tam təmin edilməsində, əmanətçilərin bank sisteminə etibarının artırılmasında mühüm rol oynayıb.
İclasda bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.
Bildirilib ki, beynəlxalq təcrübə əmanətlərin tam sığortalanması sxemindən çıxış üçün effektiv strategiyanın olmasının vacibliyini göstərir. Bununla əlaqədar “Əmanətlərin sığortalanması haqqında” qanun layihəsində fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Elman Rüstəmov bildirdib ki, fərdi sahibkarların banklardakı vəsaitlərinin sığortalanması təcrübəsi inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrdə, o cümlədən Böyük İyirmilik ölkələrində, Qazaxıstan, Rusiya, Polşa, Malayziya, Cənubi Koreya və Estoniyada tətbiq edilib.
Yeni qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulur ki, bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə ev alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək.
Qanun layihələrinin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Ziyad Səmədzadə, Rüfət Quliyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış edərək rəy və təkliflərini bildiriblər. Bütün çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xüsusi qeyd olunub və bölgədə yaranmış yeni reallıqla əlaqədar ölkəmizdə görülməli olan işlər ətraflı təhlil edilib, təkliflər səsləndirilib.
İclasda “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib. Bildirilib ki, qanun layihəsi kommersiya təşkilatları tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydasının iri sahibkarlıq subyektləri ilə eyni hüquqi rejimə gətirilməsi nəzərdə tutulur.
Deputatlar qanun layihəsinə edilən dəyişikliyi müsbət qiymətləndirib.
Komitə iclasının yekununda Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb. Bu barədə məlumat verən Tahir Mirkişili bildirib ki, Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130 milyon manatdan çox vəsait bərpa olunub. Qurumun işində mühüm keyfiyyət dəyişiklikləri özünü göstərir. Hesablama Palatasına göndərilən bütün sorğular vaxtında cavablandırılır. 2017-ci ildən bəri “Dövlət auditi” adlı jurnal nəşr olunur. Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı Milli Məclisə təqdim olunan sənədlərin yüksək peşəkarlıqla hazırlandığı nəzərə çarpır və s. Bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun xidmətləri var. Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini məqsədəuyğun hesab edir.
Komitə üzvləri məsələyə müsbət münasibət bildirdikdən sonra Vüqar Gülməmmədov göstərilən etimada görə təşəkkür edib.
İclasda aparılan fikir mübadiləsinin yekununda müzakirə edilən məsələlərin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.