Yeni mexanizmlərin hazırlanması günün və zamanın reallığıdır

2020.12.09 15:19 (UTC+04:00)

Hər birinizi tarixi qələbəmiz münasibətilə təbrik edirəm. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun zəfəri sayəsində düşmən ağır məğlubiyyətə uğrayıb. Düşmənin 70 faiz canlı qüvvəsi məhv edilib. Texnika sarıdan ciddi itki ilə üzləşib. Yaxın illərdə onun özünə gəlməsi qeyri-mümkündür. İqtisadiyyatı ağır vəziyyətdə olan bu ölkənin gələcəyi yoxdur.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri bildirib ki, işğalçı Ermənistan indiyədək Azərbaycanın işğal olunmuş ərazilərində olan təbii ehtiyatların, əkib-becərdiyi məhsulların hesabına dolanıb.
Qələbənin, eyni zamanda, qarşımıza yeni vəzifələr qoyduğunu söyləyən Tahir Mirkişili deyib: “Qanunverici orqan kimi müəyyən vəzifələrin həyata keçirilməsi, yeni mexanizmlərin hazırlanması günün və zamanın reallığıdır”.
O bildirib ki, 2015-ci ildə Azərbaycanda baş verən devalvasiyadan sonra müəyyən məsələlər meydana çıxdı. Əmanətlərin tam sığortalanması zərurəti yarandı. 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun hesabına banklarda sabitlik tam təmin olundu. Artıq qanunda dəyişikliklər edilməsi vacibdir. Hədəflərin dəyişdirilməsi qanunvericilikdə də dəyişikliklərin edilməsini zəruri edir.