Nəqliyyat vasitələrinin fəaliyyəti ilə məşğul olanların sosial sığorta haqqının məbləği azaldılıb

2020.12.09 14:45 (UTC+04:00)

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, ölkə daxilində avtomobil nəqliyyatı vasitələrinin (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilib.
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sosial sığorta haqqının məbləğinə sözügedən nəqliyyat vasitələrinin fəaliyyət göstərdiyi ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduqları aylıq sosial sığorta haqqı müəyyən edilib. Belə ki, aylıq sosial sığorta haqqı Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 əmsal, digər şəhər və rayonlarda 1əmsal təşkil edir.
Həmçinin sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra "Fərqlənmə nişanı" almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.